Sənədsiz evlərlə bağlı konsepsiya PA-ya - Təqdim ediləcək
"Əmlak Məsələləri Dövlət Komitəsi sənədsiz inşa edilmiş tikililərin sənədləşdirilməsi ilə bağlı konsepsiya hazırlayır və yaxın zamanlarda Prezident Administrasiyasına təqdim ediləcək. Güman olunur ki, hündürmərtəbəli binalardakı mənzillərə çıxarış verildikdən sonra həyət evlərinin sənədləşdirilməsinə başlanılacaq”.
GÜNpress.az xəbər verir ki, bu barədə iqtisadçı ekspert Vüqar Bayramov sosial şəbəkədə yazıb. O bildirib ki, rəhbəri olduğu mərkəzin təklifləri isə "Əmlak Aministiyası”nı nəzərdə tutur: "O baxımdan yaxın zamanda sənədsiz əmlaka amnistiya verilməsi məqsədəuyğun olardı. İlkin monitorinqlər göstərir ki, Bakı və ətrafdakı ərazilərdə sənədsiz həyət evlərinin sayı 450 mindir. Onların 70 minə yaxını inşaata icazə verilməyən və ya nisbətən riskli hesab edilən ərazilərdədir. Bunlar yüksək gərginlikli elektrik, mavi qaz, yaxud su xətlərinin yaxınlığında olan evlərdir.
Təklif edirik ki, əgər elektrik, ya da su xəttinin istiqamətini dəyişmək mümkünsə, o zaman evə toxunulmasın. Bununla da həmin ərazi təhlükəli zona anlayışından çıxarılsın. Amma su, qaz xəttinin üstündə tikilən evlərə real təhlükə varsa ev sahiblərinə kompensasiya ödənilməklə evlərin köçürülməsi təmin edilsin”.
Onun sözlərinə görə, konsepsiyalarında daha çox Rusiyada tətbiq edilən praktikadan istifadə olunub:
"Burada söhbət dövlət tərəfindən müəyyənləşdirilmiş kiçik tariflərə uyğun olaraq məsələnin həllindən gedir. Çünki həmin evlərin böyük bir qisminin icra hakimiyyətlərindən, yaxud bələdiyyələrdən sənədləri var. Mənzil sahiblərinin günahı deyil ki, bələdiyyə onlara sənəd verib, onlar da həmin sənədlə evlərini özəlləşdirə bilmirlər. Əgər bu cür sənədlərlə evi özəlləşdirmək mümkün deyilsə, həmin sənədlər verilməməli idi. Xüsusən də ev sahiblərinin həmin sənədləri müəyyən xərc bahasına aldıqları da nəzərə alınmalıdır. Bizim mexanizm ondan ibarətdir ki, evlərin rəsmiləşdirilməsi üçün çox simvolik məbləğ müəyyənləşdirilməli və məbləğ ev sahibi üçün hər hansı bir ağırlıq yaratmamalıdır. Məbləğ ödənildikdən sonra evlərin qeydə alınması və "kupça” ilə təmin olunması prosesi başlanmalıdır. Əslində, bu prosedur dövlətin özü üçün də əhəmiyyətlidir. Bir tərəfdən ev sahiblərinin mülkiyyət hüquqları təmin edilir, digər tərəfdən də əmlak vergiyə cəlb olunur. Ona görə problemin həlli dövlət qurumlarının özünün marağında olmalıdır və onlar qısa zamanda məsələnin aradan qaldırılmasına çalışmalıdır”.