Reklam

Əsas xəbərlər




Reklam
Seçilmişlər
Yazarlar
Ən çox oxunanlar
Psixoloq məsləhəti
Xəbər lenti
16-03-2024, 21:50

16-03-2024, 21:48

16-03-2024, 12:41

15-03-2024, 14:30

13-03-2024, 13:11

5-03-2024, 21:04

5-03-2024, 20:07

4-03-2024, 13:34

4-03-2024, 13:30

29-02-2024, 12:15

24-02-2024, 16:23

23-02-2024, 20:05

20-02-2024, 16:28

20-02-2024, 16:06

20-02-2024, 10:59

20-02-2024, 10:47

19-02-2024, 15:57

19-02-2024, 15:52

16-02-2024, 15:24

16-02-2024, 15:23

16-02-2024, 15:04

15-02-2024, 09:49

13-02-2024, 16:54

13-02-2024, 16:51

9-02-2024, 12:21

8-02-2024, 17:25

8-02-2024, 17:24

7-02-2024, 15:15

7-02-2024, 15:09

7-02-2024, 15:08

1-02-2024, 11:50

29-01-2024, 22:22

29-01-2024, 20:11

29-01-2024, 20:06

22-01-2024, 21:56

17-01-2024, 22:34

17-01-2024, 21:10

29-12-2023, 17:59

29-12-2023, 17:57

29-12-2023, 17:56

29-12-2023, 17:55

28-12-2023, 18:02

27-12-2023, 17:54

26-12-2023, 10:01

20-12-2023, 15:48

20-12-2023, 15:46

20-12-2023, 15:44

18-12-2023, 20:14

16-12-2023, 20:28

16-12-2023, 20:24

11-12-2023, 12:54

8-12-2023, 14:43

7-12-2023, 12:59

6-12-2023, 16:38

6-12-2023, 16:23

4-12-2023, 15:00

30-11-2023, 16:28

30-11-2023, 16:24

30-11-2023, 13:38

28-11-2023, 16:05

28-11-2023, 16:02

18-11-2023, 16:11

18-11-2023, 16:04

14-11-2023, 16:04

14-11-2023, 15:58

14-11-2023, 15:56

14-11-2023, 15:55

13-11-2023, 12:00

Qarabağ dərdini gizlincə qəlbində gəzdirən, gənc mütəxəssislər yetişdirən professor (Sahib Fərzəliyev - 60)

Tarix: 24-05-2020 10:28   
Qarabağ dərdini gizlincə qəlbində gəzdirən,  gənc mütəxəssislər yetişdirən professor

"Vətən mənə oğul desə, nə dərdim?.."
Məmməd Araz.


Vallah, inanmaq olmur... Bu adam Yuli Sezardır, nədir? Ən azı 3-4 adamın görə biləcəyi işləri Sahib Fərzəliyev təkbaşına necə görə bilir? Əfqanıstan müharibəsini keçəsən və sonra da Memarlıq və İnşaat Universitetini fərqlənmə diplomu ilə bitirib, elə oradaca elmi işçi, müəllim kimi saxlanaraq, istedadlı bir alim kimi yetişəsən, kafedra müdiri olasan, professor kimi auditoriyalarda mühazirələr oxuyasan, eyni zamanda Universitetin və onun inşaat fakültəsinin Elmi şuralarının üzvü, Elmi şura yanında Elm və təhsil üzrə Komissiyanın sədri kimi fəaliyyət göstərəsən, “Potensial” Sumqayıt Mütəxəssislər Birliyini təsis edib, 20 ildən çox ona uğurla rəhbərlik edəsən, Bakı şəhər Sovetinin deputatı olasan və s. Saymaqla qurtarır ki... Hələ bütün bunlar azmış kimi,o, həm də inşaat mühəndisliyinin aktual problemləri və perspektivləri ilə bağlı 150-ə yaxın elmi məqalə yazmış, 17 tədris proqramı, 5 metodiki, 7 dərslik və dərs vəsaiti hazırlamışdır. Respublikamızın bir sıra aparıcı layihə institutları ilə əməkdaşlığını, ölkədə davam etməkdə olan iri miqyaslı tikinti işlərinin layihələndirilməsini də əlavə etsək, bu adamın necə də rahatlıq bilmədən, gecə-gündüz çalışmasına, məhsuldar işləməsinə təəccüb etməmək olmur. Bu işləri paralel, həm də səhvlərə yol vermədən, uğurla aparmaq üçün gərək gün ərzində 24 saatın heç olmasa 20-ni durmadan çalışasan.

Cəbrayıl, doğma kənd Minbaşılı - yuxuların sevimli "oylağı"

...İndi tamamilə gözdən itmiş, əlçatmaz uşaqlıq çağlarında Cəbrayıl rayonunun Minbaşılı kəndinin düzlərində özlərinin qoyun-quzusunu otararaq, böyük həvəslə çox sevdiyi unudulmaz şairimiz Səməd Vurğunun "Azərbaycan" şeirini həvəslə, fəxrlə söyləyəndə, bir yamacda oturub, dərslərini "5"-ə layiq hazırlayıb qurtarandan sonra kefi kök halda məlahətli uşaq səsi ilə "Qarabağ şikəstəsi"ni zilə qaldıranda nə məktəbli Sahibin, nə də onun yaşıdlarının, heç böyük-böyük kəndçilərinin də ağlına gəlməzdi ki, cəmi 14-15 ildən sonra dünyanın da, Azərbaycanın da nizamı pozulacaq, o gözəl "Azərbaycan" şeirini də, o "şikəstə"ni də həmin şövqlə oxuya bilməyəcək, onların adı çəkiləndə qəlbi dağ-dağ olacaq, ürəyinin sızıltısına dözə bilməyəcək, çox sevdiyi Cəbrayılı, yaşıllığa qərq olmuş doğma kəndini, yüz yol keçib-getdiyi kəndarası yolları, yay-qış dağda-düzdə qarış-qarış dolaşdığı yerləri, elinin-obasının üzlərindən nur süzülən ağsaqqallarını, dilinin kəlmələri "can"la başlayan ağbirçəkləri-anaları, hər işin öhdəsindən deyə-gülə, elliklə, bacarıqla gələn əlləri qabarlı-döyənəkli zəhmətkeş Minbaşılı camaatını, kəndin yerlə-göylə əlləşən cavanlarını, səhərlər Sovetliyin üç kəndinin hay-küylə qoynuna axışdığı yeganə orta məktəbin qəmsiz-kədərsiz, dünyanın min cür hiyləgər "oyunlarından" xəbərsiz, məsum uşaqlarını ancaq yuxularında görəcək, yuxularında sevinəcək...

"Oxumuram, əl çəkin!.." - yoldaşlığa sədaqətin ilk "rüşeymi"

Sahib müəllimin uşaqlığı özündən bir yaş böyük olan əmisi oğlu Rasimlə və eyni ildən olduğu digər əmisi oğlu Ariflə biryerdə keçib. Kənd arasında gəzib-dolananda da, çığır-bağırla futbol oynayanda da, yay aylarında şaya çimməyə, meşəyə mer-meyvə yığmağa gedəndə də kəndin digər uşaqları ilə yanaşı sevimli əmisi oğlanları Rasimlə Arif həmişə onun yanında, onunla birgə olardılar. Rasim məktəbə Sahibdən bir il qabaq getmişdi. Ariflə isə onu məktəbə eyni vaxtda yazmışdılar, lakin məktəb yaşı yarım il çatmadığından Afifi kor-peşman geri qaytarmışdılar, Sahibi isə qəbul etmişdilər. Lakin doğma əmisi oğlundan ayrı düşməsi, onun məktəbə götürülməməsi Sahibin uşaq qəlbinə toxunduğundan, bir-iki gün sonra ağlayaraq məktəbdən qayıtmış, özünün yetkinləşməyə başlayan uşaq, dost sədaqəti ilə "Arif dərsə getmirsə, mən də getmirəm" demişdi. Lakin sonra o, tədricən sinif yoldaşlarına qaynayıb-qarışaraq, dərslərə davam etmiş və bu gün də ehtiramla xatırladığı ilk müəllimi Məhəmməd müəllimin sinfində oxumuşdur.
O vaxtlar- indi əlçatmaz olan uşaqlıq illəri Sahib Fərzəliyevin ən xoşbəxt dövrü, ən gözəl günləri idi. O zamanlar sanki bol Günəş işığı ilə bərabər hər yerdən sevinc şölələnir, xoşbəxtlik saçılırdı. Kəndin camaatı da, kəndin özü də, bütün Qarabağ da öz yerində, öz ahəngində idi. Könlündən istər-istəməz Molla Pənahın çox sevdiyi məşhur şeirinin misraları keçirdi:

"Külli Qarabağın abi-həyatı,
Nərmə-nazik bayatıdır, bayatı..."

O gözəl "abü-həyat" Sahib orta məktəbi əla qiymətlərlə bitirənədək davam etdi.

İmtahanlardan sonra onun "xətrinə dəymişdilər".
Elə institut yoldaşlarından da onun əlaçılığına "gəc" baxanlar vardı.


Bəli, heyf ki, nədənsə illərlə istedadı, çalışqanlığı, bəzən də əziyyətli günləri hesabına qazandığı, layiq olduğu "qızıl medalı" ona qıymamışdılar. Ancaq məktəbdə də, elə kənddə də hamı yaxşı bilirdi ki, Sahib elə-belə oğul deyil, qızıl oğlandır - həm təhsilində, oxumaqda, həm ailəsinin, kəndin işinə-gücünə yaramaqda, həm də tərbiyə-qanacaqda, üzüyolalıqda, səmimiyyətdə. Ona qızıl medal verilməməsi ən çox da kəndin ilk ali təhsilli mühəndisləri olan dayılarını (dörd dayısından üçü ali təhsilli idi) mütəəssir etmişdi. Axı, onlar hər il imkan düşdükcə bu suyuşirin, lakin bir qədər utancaq olan bacıoğluna fizika və riyaziyyatla bağlı qəsdən "dolaşıq suallar" versələr də, o, dayılarının sualları qarşısında sual kimi yox, nida kimi şəstlə dayanıb, dərhal cavab verirdi. Onun yüksək biliyi, analitik riyazi düşüncəsi, hazırcavablığı az qala "Dövlət komissiyası" kimi dəyərləndirdiyi dayılarını - inşaat mühəndisləri olan Rəsul dayısını və Sirac dayısını razı salar, özü isə onların məmnunluğundan gizlin həzz alar, daxilən öyünərdi.
Medal ala bilmədiyinə görə küskünlüyü bir-neçə gün davam etsə də, onsuz da ali məktəbə qəbul olunacağına tam əminliklə sənədlərini elə həmin il Politexnik İnstitutdan ayrılaraq müstəqil ali təhsil ocağı kimi yenicə fəaliyyətə başlamış İnşaat Mühəndisləri İnstitutuna verdi - dayıları kimi inşaatçı, memar olmaq istəyirdi. Və imtahanları çətinlik çəkmədən, uğurla verib, sabahısı günü doğma Minbaşılı kəndinə tələbə kimi üzüağ qayıtdı. İnstitutda əla qiymətlərlə oxuyub, müəllimlərinin rəğbətini qazansa da, tələbə yoldaşları ilə daim xoş, mehriban ünsiyyətdə olsa da, onlara imtahana hazırlaşmaqda, kurs işləri yazmaqda həmişə kömək etsə də, onun xətrini istəyənlərlə yanaşı bir-iki paxıllıq edənlər də (xüsusilə də çətinliklə "3" - "4" alanlar) vardı. Onun imtahanlardan həmişə "5" almaq istəməsinə, buna görə hərdən müəllimlərlə "dava-şava" etməsinə, istedadına, biliyinə güvənərək, prinsipiallıq göstərməsinə, iddiasında qətiyyətli olmasına bəziləri "köndələn" baxırdı. Ancaq Sahib üçün elələrinin münasibəti yox, yüksək biliyə malik olması daha mühüm idi. Lakin iş elə gətirdi ki, cəmi iki il davam edən tələbə qısqanclığına qəfildən son qoyuldu.

Tələbəlikdən hərbi xidmətə - Macarıstana, Əfqanıstana aparan yollar

1979-cu ildə, 19 yaşı hələ tamam olmamış Sahib bir-neçə tələbə yoldaşı ilə birgə hərbi xidmətə çağırıldı. Doğma kəndlərindən və Bakıdan başqa heç vaxt digər yerləri görməyən cəbrayıllı Sahibi yüzlərlə yaşıdı ilə birlikdə əsgəri xidmətə səfərbər etdilər və yalnız bir-neçə gündən sonra bildilər ki, onlar hərbi xidmətlərini Macarıstanda keçəcəklər. Orda bir neçə ay çox ciddi rejimdə hərbi təlimlər keçdikdən sonra 1980-cı il yanvarın 12-də onları Şərqə - Özbəkistanın Termez şəhərinə yola saldılar, fevralın əvvəllərində isə gecə yarısı "həyəcan" siqnalı ilə oyadıb, nəhəng dövlətlərin maraqlarının toqquşduğu, buna görə də daim od-alov içində yanan Əfqanıstana apardılar.
Sahibin əsgər həyatına öyrəşməsi biq qədər sıxıntılı olsa da, bu, onun üçün o qədər də üzüntülü görünmürdü. Çünki hələ uşaqlıqdan eşitmişdi ki, onların kəndində vaxtilə çoxlu igid ərənlər, qoçaq adamlar olub və onlardan biri yadellilərə, xüsusən də ermənilərə qarşı vuruşmaq üçün ətraf kəndlərdən başına mindən artıq döyüşçü toplaya bilmişdi. Əvvəlcə yüzbaşı kimi tanınan həmin hünərli, igid adam sonralar "minbaşı" kimi ad çıxarmışdı. Elə kəndin adı da onun adı ilə bağlıdır - Minbaşılı. Yəni ki, Sahib bunu hələ uşaqlıqdan eşitmişdi və bilirdi ki, onların kəndi qoçaq, igid oğullar məskəni olub. Azərbaycanın 120-dən çox Sovet İttifaqı Qəhrəmanı içərisində cəbrayıllı igid, əfsanəvi qvardiya leytenantı, alman faşistlərinə qarşı qanlı döyüşlərdə qəhrəmanlıqları ilə 23 illik ömründə SSRİ kimi böyük bir ölkədə ad çıxartmış, igidliklərinə görə İ.Stalin tərəfindən Qəhrəman kimi qiymətləndirimiş Cəmil Əhmədovun da olması (görkəmli yazıçı Sabir Əhmədovun böyük qardaşı) hələ məktəb illərindən onun qəlbini fərəh, qürur hissi ilə doldururdu. Ona görə də əsgərlikdə olarkən özünü cəsur, qeyrətli həmyerlilərinin adına layiq aparmağa çalışırdı və buna nail olmağı bacarırdı. Hərbi xidmətə təzə başlayarkən pulemyotçu dəstəsinə götürülməsini də o, heç də təsadüfi saymırdı.
Sahibgilin rotası elə ilk gündən Əfqanıstanın Məzari-Şərif əyalətində yerləşdirilmişdi. Sahib başa düşürdü ki, əgər əyalətin adı Məzari-Şərif - "Şərifin məzarı" adlanırdısa, deməli, nə zamansa bu yerlərdə çox ağır döyüşlər getmiş və həmin çarpışmalarda xalqın güvənərək sevdiyi, igidlikləri ilə tanınan Şərif adlı bir dəstə başçısı həlak olmuş və yerli əhali onun dəfn olunduğu yeri o cəsur döyüşçünün xatirəsinə ehtiram olaraq Məzari-Şərif adlandırmışdır.
Həmin əyalətdə SSRİ-nin 5 Orta Asiya respublikasını qazla təchiz edən qaz emalı zavodu yerləşirdiyindən və onun "basmaçlar" tərəfindən bir qəfil hücumla partladılması ehtimalı olduğundan, oranın mühafizəsi Sahibgilin hərbi hissəsinə tapşırılmışdı. Əfqanıstanın çox sərt keçən qış aylarında basmaçı hücumlarından etibarlı şəkildə qorunmaq üçün onlar gecələr zirehli maşınların - tankların, BTR-lərin içərisində yatmalı olurdular (oralarda çox yerlər ağacsız-susuz, quru dağlıq, çölləri səhralıq olduğuna görə yay ayları çox qızmar olurdu. Elə bir şəraitdə, hər an basmaçıların hücum təhlükəsi altında olaraq gündüzlər hərbi təlimləri, döyüş növbətçiliyini davam etdirir, gecələri palatkalarda keçirirdilər). İsti xörəyin olmadığı, quru "payok"la - balıq konservləri, kaşa və s.-lə başlarını birtəhər girlədikləri əzablı günlər xeyli müddət davam etdi.
Günlərin bir günü isə - mart ayının 5-dən başlayaraq Sahibgilin polkunun yerləşdiyi Puli-Xumri əyalətində gərgin döyüşlər başladı. Hələ iki ay əvvəl tələbə kimi qış imtahanlarını əla qiymətlərlə vermiş Sahibin ilk dəfə əsgər kimi atıldığı ağır döyüş "imtahanından" da uğurla çıxa bilməsi heç də asan deyildi. Elə ilk gündəcə polkdan SSRİ-nin müxtəlif guşələrində intizarla oğullarının yolunu gözləyən anaların üstünə 7 "qurğuşun tabut" göndərilmişdi. Oğul dərdi-faciəsinə tuş gəlmiş anaların o tabutdakı oğullarını son dəfə görə bilməməsi onlar üçün dünyanın ən ağır dərdi idi. Sovet hərbi birləşmələri o zaman Əfqanıstanda basmaçılara qarşı hücumlarda özünün ən son hərbi silahlarını - qorxunc, vahiməli görünüşlü zirehli maşınları, artilleriyasını, döyüş vertolyotlarını sınaqdan keçirirdi.

Nazim poçtda Abduləli dayıdan nəyi və niyə gizlətdi?..

Sahib müəllimin atası Abduləli kişi ilk vaxtlar kolxoz işində işləsə də, sonradan üç kəndi birləşdirən Minbaşılı sovetliyinin poçt şöbəsinin rəisi vəzifəsində çalışırdı. İncəsənət adamı olmasa da, Azərbaycan musiqisini, muğam və mahnıları çox sevirdi. Yeri düşdükcə böyük muğam ustalarından Cabbar Qaryağdı oğlunu, Keçəçi Məhəmmədi, Xan Şuşinskini, görkəmli sənətkarlar Bülbülü, Rəşid Behbudovu radioda dinləməyi çox xoşlayırdı. Onun böyük həvəslə, həm də hökmən qulaq asdığı isə hər həftənin bazar günü günorta saat 2-də respublika radiosu ilə verilən "muğam saatı" idi. Əlibaba Məmmədovun, Zeynəb Xanlarovanın, Əbülfət Əliyevin, Şövkət Ələkbərovanın, Arif Babayevin, Rübabə Muradovanın, İslam Rzayevin və digərlərinin ifasında oxunan muğamları o böyük həvəslə poçt şöbəsindən idarə etdiyi dinamiklə - reproduktorla uca səslə bütün kəndin başı üstündə yayar və özü də böyük şövqlə, heyranlıqla o füsünkar səslərə qulaq asardı. Muğam saatı Abduləli dayı üçün əsl istirahət, gözəl bir bayram olardı.
O, musiqini o dərəcədə sevirdi ki, hətta övladlarının dördünə də o dövrün sevilən sənətkarlarının adını qoymuşdu. İlk övladı Sahibin adını çox sevdiyi muğam ustası Sahib Şükürova, kiçik oğlu Əlyarın adını isə müğənni Əlyar Əmirova rəğbətinə görə qoymuşdu. Ən çox sevdiyi, kefinin yaxşı vaxtında zümzümə etdiyi "Dağlar qızı Reyhan" mahnısına görə ilk qızını Reyhan, Nəsibə xanım Zeynalovaya görə isə ailəsinin sonbeşik qızını Nəsibə adlandırmışdı. Yəni, musiqi həvəsli, həssas-duyumlu, zövqlü adam olub Sahib müəllimin atası.
...Bir gün - Sahib əsgərlikdə olanda Abduləli dayı görür ki, oğlu öz əmisi oğlu Nazimə məktub göndərib. Xəbər göndərir ki, Nazim gəlib məktubu götürsün. Kişi o qədər ürəyi təmiz, saf adam idi ki, Sahibdən qardaşı oğluna gələn məktubu ərklə də olsa, açmaq, oxumaq fikrində olmayıb. Həmin gün isə Nazim poçta gəlib, məktubu açaraq, elə ordaca oxumuş, ancaq başı işə qarışmış əmisinə heç nə deməyib, sakitcə çıxıb getmişdi.
Axşamdan xeyli keçmiş Abduləli dayı narahat olur ki, axı Nazim məktubu oxuyub, ona heç bir söz demədən, Sahibin nə yazdığını bildirmədən "aradan çıxmışdı". Nazimdən çıxmayan iş, "görəsən, nə məsələdir?" narahatlığı ilə durub gecə vaxtı qardaşıgilə getmişdi. Arif gecə qaranlığında qarşıladığı əmisinin gəlişinin məqsədini başa düşmüş, lakin özünü o yerə qoymamışdı. İki qardaş çay içə-içə söhbət etsələr də, Abduləli kişi oğlu Sahibə görə içində keçirdiyi narahatlığı, həyəcanı boğa bilmirdi. Və nəhayət, nigarançılığına son qoymaq üçün özünü toplayıb, soruşmuşdu: "Nazim, bala, mənim başım qarışdı, sən də məktubu oxuyub, çıxıb getdin, heç bir söz demədin axı? Nə yazıb Sahib sənə? Əmiyə bir deməzlər?.."
Nazim özünü sakit göstərərək, onu inandırmağa çalışmışdı ki, "əmi, həmişə olduğu kimi - salamatçılıqdır, hamıya salam söyləyir" demişdi. Abduləli dayı qardaşı oğluna inanmaq istəsə də, evə narahatçılığı qəlbini tərk etmədən, fikirli-fikirli qayıtmışdı. Abırlı-mərifətli olduğundan Nazimdən məktubu ona göstərməyi, bir də özü eşidə-eşidə oxumasını xahiş etməmişdi. Fikirləşmişdi ki, inamsızlığı Nazimin xətrinə dəyə bilər. Ancaq o gecə nə Nazim, nə də əmisi rahat yata bilmişdi. Hər ikisi nigarançılıqdan - Abduləli dayı oğlunun şübhəli hesab etdiyi məktubuna, əsasən Sahibin özünə görə, Nazimsə... elə o da sevimli əmisi oğluna, Sahibə görə.
Məsələ onda idi ki, o vaxta qədər kənddə heç kəs Sahibin harda əsgərlikdə olduğunu bilmirdi. Abduləli dayı özü də oğlundan gələn məktubların üzərində konkret ünvan olmadığına görə əsəbiləşirdi. Rusca "п/я (почтовый ящик)" və hərbi hissənin №-sindən başqa vilayət, şəhər adı göstərilməməsi onu həmişə narahat edirdi. Sahib isə məktublarında canından artıq sevdiyi ata-anasını, qardaş-bacılarını narahat etmək istəməyərək, harda xidmət etdiyini bildirmirdi (əslində, hərbi sirr kimi buna komandanlıq da icazə vermirdi, əsgərlərin hamısına bununla bağlı xüsusi xəbərdarlıq da edilmişdi). Lakin döyüşlərdən birindən sonra özünün olduğu bölükdə ("vzvod"da) 9 nəfərdən özü ilə birlikdə cəmi 4 nəfərin qalması onu istər-istəməz narahat etmiş və qərara gəlmişdi ki, harda hərbi xidmət etdiyi barədə heç olmasa institutda oxuduğu vaxtlar Eldar əmisigildə bir yerdə qaldığı Nazim əmisi oğluna məlumat versin. Axı, Əfqanıstanda həmin dövrdə çox çətin, ağır döyüşlər gedirdi. Nə bilmək olardı ki...
Və Sahibin məktubundan əsl həqiqəti - əsgərliyini Əfqanıstanda keçdiyini bilən Nazim çox təsrlənərək, poçtda əmisinə heç nə demədən, yol boyu düşüncəli-fikirli halda evə qayıtmışdı.

Uçuş Azərbaycana yox, Yerevana oldu.
Əmisi onu vağzalda tanımadı, sonra özünü də, hər şeyi də unutdu...


Çox çətin şəraitlərdə - qayalıqlar-daşlıqlar arasında, qumlu səhrada, qızmar, yandırıcı Günəş şüaları altında əsgəri xidmətini davam etdirən Sahibin ən böyük arzusu əsgəri xidmətini başa vurduqdan sonra Azərbaycana, doğma kəndə sağ-salamat qayıtmaq, ata-anasını, əzizlərini-doğmalarını gözü yaşlı qoymamaq idi. Şükürlər olsun ki, uca Tanrı onun bu istəyini ürəyində qoymadı, qızğın döyüşlərin birində ağır yaralansa da, sonradan tam müalicə olunub, sağ-salamat doğma Vətənə qayıtdı...
Dağlarda, səhralarda, əfqan "qışlaq"larında (ruslar "kişlak" deyirdilər) keçən hərbi xidməti başa çatdıqdan sonra Sahibi digər əsgər yoldaşları ilə birgə Tacikistana yola saldılar. Ancaq dini baxımdan müsəlman sayılan, lakin nədənsə ermənilərlə daha yaxın "sevgi"də olan Tacikistandan Bakıya həmin gün aviareys olmadığından onları... Yerevana yola saldılar (bu da erməni-tacik sevgisinin daha bir sübutu!).
Yerevanda təyyarədən düşən kimi onları üzük qaşı kimi dövrəyə alıb, birbaşa hərbi komendaturaya apardılar. Çox çək-çevirdən, dezertir yox, "əfqan döyüşçüləri" olduqlarını, həqiqətən hərbi xidmətlərini başa vurduqlarını müəyyənləşdirdikdən sonra onları sərbəst buraxdılar və Sahib növbəti "Yerevan-Bakı" reysi ilə iki il idi ki həsrətində olduğu Azərbaycana, Bakıya döndü.
Aeroportdan o vaxtkı Bakı avtovağzalına ("Uzaq sahillərdə" filmindən sevdiyi Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin əzəmətli heykəlinin yanındakı) təzə çatmışdı ki, Sumqayıtda yaşayan Mürsəl əmisini vağzalın girəcəyində görüb, çaşdı. Axı, o, heç kəsə gəldiyi barədə xəbər etməmişdi. Bəs, əmisi onun gəldiyini hardan bilmişdi? Sevinclə irəli addımlayıb, düz əmisinin qarşısında dayandı. Ancaq kişinin ona "laqeydlik" göstərməsini başa düşmədi. Yalnız "əmi!" deyərək, onu qucaqlayanda əmisi sanki yuxudan ayıldı və birdən "Sahib" deyə sevinclə qışqıraraq onu bağrına basıb, dönə-dönə öpdü. Sən demə, əmisi Bakıya başqa iş üçün gəlibmiş. Əsgərliyə gedəndə gövdəli, ağsifət bir oğlan olan qardaşı oğlunu təbii ki çox sınıxmış və qaralmış görkəmdə tanıya bilməzdi. Əmi-bala sevinclə taksiyə oturub, Sumqayıta gəldilər.
Yalnız evə çatanda Mürsəl əmisinin yadına düşmüşdü ki, Bakıdan özləri üçün təzə paltaryuyan maşın almışdı, ancaq Sahibi - doğma qardaşı oğlunu görüb elə sevinmişdi ki, paltaryuyanı elə vağzaldaca qoyub gəlmişdi...
Sabahısı gün Cəbrayıla qayıdanda bütün Minbaşılı kəndinə və qonşu kəndlərə sevinclə, fərəhlə səs yayıldı ki, Abduləli kişinin oğlu Sahib Əfqanıstanda əsgərliyini başa vurub, doğma ocağına-evinə qayıdıb. Camaat axın-axın Abduləli kişinin ailəsinə gözaydınlığına gəlirdi, toy-bayram idi - qurbanlıqlar kəsilir, şadyanalıq edilirdi, ancaq sevincindən göz yaşlarını saxlaya bilməyənlər də az deyildi...

Ömür salnaməsindən

Adətən öz yazılarımda bioqrafik, rəsmi faktları sadalamaqdan qətiyyən xoşum gəlmir. (Sahib müəllimdən uzaq - ancaq elələri var ki, uşaq baxçasına getdiyi, məktəbdə ilk dəfə dərnəyə yazıldığı, sinifdə ilk dəfə nəğmə oxuduğu, divar qəzeti hazırladığı vaxtdan tərifnamələrinin hamısını bir-bir göstərməklə, baxdığı filmlərə, yazdığı son məqalələrədək 25-30 səifəlik "tərcümeyi-hal" yazırlar ki, əslində onu "tərcümə" etməyə, "xırdalamağa"da saatlarla vaxt lazım gəlir).
Ancaq Sahib müəllimin həyat və fəaliyyəti barədə söz açmaq üçün ən azı bir kitab yazmaq lazım olduğunu başa düşərək, yaradıcılığımda ilk dəfə olaraq "sözü" qısa bioqrafik fakt və məlumatlara verirəm:

Sahib müəllim əmək fəaliyyətinə hələ tələbəlik dövründə 3 №-li Sumqayıt Evtikmə Kombinatında başlayıb. 1983-1987-ci illərdə kombinatının 103 №-li tikinti idarəsində mühəndis, böyük mühəndis və şöbə müdiri vəzifələrində çalışıb. 1987-ci ildə İnşaat Mühəndisləri İnstitutunun Elmi-Tədqiqat sektoruna Baş elmi işçi - bölmə rəhbəri vəzifəsinə keçib. 1988-1992-ci illərdə Moskva şəhərində Ümumittifaq Elmi-Tədqiqat İnstitutunda dissertant olub, namizədlik dissertasiyasını müdafiə edərək, alimlik dərəcəsi alıb. 1987-1990-cı illərdə Azərbaycan İnşaat Mühəndisləri Universitetinin “Dəmir-beton konstruksiyaları” kafedrasında, 1990-2011-cı illərdə “Tikintinin təşkili və idarə olunması” kafedrasında assistent, baş müəllim, dosent vəzifəsində çalışıb. 2011-ci ildən “Tikinti istehsalatının texnologiyası, təşkili və idarə olunması” kafedrasının müdiri vəzifəsində işləyir. O, həmçinin “İnşaat mühəndisliyi” üzrə magistr elmi dərəcəsi almaq üçün İxtisaslaşmış Şuranın sədridir.
Sahib müəllim elmi-pedaqoji fəaliyyəti ilə yanaşı respublikamızda aparılan iri miqyaslı tikinti işlərinin layihələndirilməsində yaxından iştirak edir. Onun 1998-ci ildə yaratdığı “Potensial” Sumqayıt Mütəxəssislər Birliyi artıq 21ci ildir ki xeyirxah, humanist bir fəaliyyətlə məşğul olur. Bu dövrdə yerli və beynəlxalq təşkilatların - Böyük Britaniyanın OXFAM, ABŞ səfirliyinin Demokratiya Komissiyası, Avrasiya Fondu, Norveç Qaçqınlar Şurası, BMT QAK, Norveç səfirliyi, ABŞ-ın World Vision, Conterpart, USAİD, ACİ Budapest, AR Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası və s. dəstəyi ilə həyata keçirilən 35-dən çox layihənin rəhbəri olub. Sahib müəllim pedaqoji sahədə uzun illər əmək sərf etdiyinə görə 2016-cı ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif olunub. Əfqanıstan müharibəsi veteranıdır. Vətənə çoxillik xidmətlərinə görə bir sıra orden, medal və dövlət təltiflərinə layiq görülüb. “Avrasiya” Memarlar Evinin "Qızıl medal" mükafatçısıdır.
Sahib müəllim həm də gözəl ailə başçısıdır. Hər iki oğlu - Murad və Fuad ali təhsilli mütəxəsislərdir. Dörd şirin-şəkər, ağıllı nəvəsi var.
***

Sonda üzümü əziz dostumuz, Sumqayıt "Dostlar Klubunun" lider üzvlərindən olan hörmətli professorumuza tutub, yalnız bunu demək istəyirəm: şərəflə, ləyaqətlə yaşanmış ömrünüzün 60 illiyi - yubileyiniz mübarək!

Vətən Sizə ürəkdən OĞUL deyir!
Var olun, Vətənin qeyrətli, ləyaqətli oğlu!
Rəhman ORXAN.
Qarabağ dərdini gizlincə qəlbində gəzdirən,  gənc mütəxəssislər yetişdirən professor
Qarabağ dərdini gizlincə qəlbində gəzdirən,  gənc mütəxəssislər yetişdirən professor
Qarabağ dərdini gizlincə qəlbində gəzdirən,  gənc mütəxəssislər yetişdirən professor
Qarabağ dərdini gizlincə qəlbində gəzdirən,  gənc mütəxəssislər yetişdirən professor
Qarabağ dərdini gizlincə qəlbində gəzdirən,  gənc mütəxəssislər yetişdirən professor


{sape_links}{sape_article}